Təkrar Yaşayış Mənzil Bazarında Qiymətlər

Təkrar Yaşayış Mənzil Bazarı

Təkrar Yaşayış Mənzil Bazarının Aylıq Hesabatı
Oktyabr 2015 / Bakı şəhəri

Ötən Sentyabr ayı üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1549 $/кv.m-dən 4.45% artaraq 1618 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1623 AZN/кv.m-dən 4.47% artaraq 1696 AZN/кv.m bəndində qərarlaşmışdır.

Təklif qiyməti, $/kv.m

Son ayda müşahidə edilən kiçik qiymət artımı sırf təkrar əmlak bazarında baş verən struktur dəyişikliyi ilə əlaqəlidir. Yəni, sentyabr ayında təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillər sırasında bahalı mənzillərin payı ötən aylara nisbətən çox olmuşdur. Buna da səbəb ucuz mənzillərin satılaraq təklif portfelində sayının azalmasıdır.

Ümumilikdə əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması təklif portfelinin artmasına gətirib çıxartmışdır. Təkrar mənzil bazarında sürən passivliyin nəticəsi olaraq sentyabr ayında təklif həcmi 6.8 % artmışdır. Avqust ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1163 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -39.0% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir. Dünyada və daxili bazarda baş verən dəyişikliklərə görə satıcılar mənzillərini satışdan çıxardaraq gözləmə mövqeyini tutmaqdadırlar.  

Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 56.0 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 42.0%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1195 $/kv.m-dir. Ümumi təklif portfelinin 41%-ni 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1720 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri  2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17.0% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2445 $/kv.m təşkil etmişdir.

Qiymət diapazonu

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə bütün növ otaqlı mənzillərin sayında artım baş verib. Təklif üzrə ən çox artım 2 və 3 otaqlılar üzrə qeydə alınıb. Təkliflə yanaşı otaqlar üzrə qiymətlər üzrə də dəyişmə baş verib.

Otaqlar üzrə, $/kv.m

Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 12.76 %, 11.18 %, 11.84% və 37.63%.

Layihələr üzrə qiymət strukturu:

Ötən ayda layihələr üzrə qiymət artımı daha çox arxitektura və stalinka layihələrində qeydə alınıb, müvafiq olaraq 5.69% və 4.1%. Layihələr üzrə qiymət azalması isə yalnız kiyev layihəli mənzillərdə hiss edilib, -1.13%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1618 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 54.0 faizə malikdir. Mənzillərin orta sahəsi 77.72 kv.m, orta otaq göstəricisi isə 2.38 təşkil edir. Hər otağın orta satış qiyməti 53 000 ABŞ dolları, mənzilin orta qiyməti isə 126 000 ABŞ dolları təşkil edib.

Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

Rayonlar üzrə qiymət cədvəli, $/kv.m

Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Nəsimi, Yasamal və Nərimanov rayonları olub.

 Təkrar mənzil bazarında qiymət indeksi avqust ayı ilə müqayisədə bu ay 0.31 bənd artaraq 7.19 bəndində qərarlaşıb.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınmışdır. “Sahil” metro stansiyası yaxınlığında yerləşən 72 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4600 USD təşkil etmişdir. Ən ucuz mənzil isə Abşeron rayonunda, Məhəmmədi kəndində yerləşən orta təmirli 80 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb, 571 USD/kv.m.

 

                                          “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu.