Bakı şəhəri üzrə kirayə mənzil bazarı

Son ay ərzində kirayə mənzil bazarında təklif edilən birotaqlı mənzillərin orta təklif qiyməti 195 $/ay təşkil edib ki, bu da ötən yanvar ayı ilə müqayisədə 1.6% çoxdur. İkiotaqlı mənzillərdə isə aylıq dəyişmə -2% qeydə alınıb, bazarda təklif edilən orta kirayə qiyməti ay üzrə 300 $-dır. Bakı şəhərində üçotaqlı kirayə mənzillərin aylıq qiyməti 420 $/ay təşkil edib ki, bu da öz növbəsində ötən ayla müqayisədə 1.2% bahadır. Ümumilikdə çoxotaqlı mənzillərdə qeydə alınan qiymət azalmasını da nəzərə alaraq, aparılan araşdırmalar nəticəsində kirayə mənzil bazarında təklif edilən qiymətlərdə -4% azalma müşahidə edilib.

2016-cı ilin fevral ayı ərzində kirayə yaşayış mənzil bazarı üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə artım qеydə alınıb. Bazarda əməliyyatların sayı isə 109-dan 4.6% artaraq 114 ədəd təşkil edib. Kirayə mənzil bazarında indeks 1.76 bəndindən 3.4% azalaraq 1.7 bəndində qərarlaşıb.

Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

 

Rayonlar üzrə qiymət cədvəli, $/kv.m

Ümumilikdə kirayə mənzil bazarında təklif həcmi 9.4% artıb. Son yanvar ayında ümumi təkliflərin sayı 305 olduğu halda, bu rəqəm fevral ayında 333 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 20% çoxalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin sentyabr ayında qeydə alınıb.

 

Təklif həcmi

Kirayə mənzil bazarında təklif edilən mənzillərin otaq strukturna gəldikdə, əvvəllər də, olduğu kimi ümumi təklif payında daha çox bir və iki otaqlı mənzillər üstünlük təşkil edirlər. Fevral ayında onların ümumi birgə payı 68.5% təşkil edib.

Mənzillərin otaq strukturu üzrə təklif portfeli, %

Son fevral ayı üzrə kirayə mənzil bazarında qiymət diapazonuna görə təklif strukturu aşağıdakı kimi olmuşdur. Birotaqlı mənzillərdə ən çox təklif olunan qiymət diapazonunu 150$-200 $ arasında qeydə alınıb. Bu qiymət diapazonunda olan birotaqlı mənzillər bu seqment üzrə təklif portfelinin 49.3% təşkil edib. İkiotaqlı mənzillərdə isə ən çox təklif 220$-320$ qiymət aralığında olan mənzillərdə qeydə alınıb. Bu diapazonda olan mənzillər ikiotaqlı mənzillərin ümumi təklif payının 32.5%-ni əhatə edir. Bazara təklif edilən üçotaqlı mənzillərin təklifində 280$-380$ qiymət aralığında olan mənzillər 30.5% ilə üstünlük təşkil edib.

Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68.9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonları qeydə alınmışdır.

“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu.